Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Tolqa Ciğerci Super Liqada mübarizə aparan “Ankaragücü” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Almaniyanın “Herta” klubuna transfer olunub.
Bu barədə onun yeni klubu məlumat yayıb. Bundesliqa təmsilçisi bu transfer üçün Türkiyə klubuna 350 min avro ödəyib. Futbolçu ilə isə 1.5 illik müqavilə imzalanıb.
Almaniyada dünyaya göz açmış Tolqa Ciğerci 2022-ci ilin avqust ayından “Ankaragücü” klubunun formasını geyinirdi. O, daha öncə Super Liqada “Başakşəhər”, “Qalatasaray”, “Fənərbaxça”nın da formasını geyinib. “Volfsburq”un yetirməsi olan dayaq yarımmüdafiəçisi daha öncə də “Herta”da oynayıb. O, 2013-2016-cı illər aralığında bu komandada 41 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Borussiya” (Mönhenqladbax) klubunun da uğurları üçün çalışıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra Türkiyənin əsas millisini seçən Tolqa, “ay-ulduzlular”ın heyətində cəmi 3 matça çıxıb. Onun “Ankaragücü” karyerası isə 17 oyun, 2 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Super Liqa klubunda yeni hücumçu
“Ankaragücü” hücumçusu Federiko Makedanı da Kiprin APOEL (Nikosiya) klubuna icarəyə verib. İtaliyadan olan 31 yaşlı futbolçu mayın 31-nə kimi icarədə oynayacaq. O, 2022-ci ilin iyul ayından formasını geyindiyi Ankara təmsilçisində 13 oyuna cəmi 1 qol vurub.
Federiko Makeda “Latsio”nun yetirməsi olsa da, peşəkar karyerasına İngiltərənin “Mançester Yunayted” komandasında başlayıb. O “qırmızı şeytanlar”ın əsas heyət oyunçusuna çevrilə bilmədiyi üçün həmin dövrdə “Sampdoriya”, KPR, “Ştutqart”, “Donkaster Rovers” və “Birmingem Siti” klublarına icarəyə verilib. 2014-cü ildə isə “Mançester Siti” hücumçunu “Kardiff Siti”yə satıb. O, bu klubda olarkən qısa müddət “Nottingem Forest”də icarədə də oynayıb. 2016-cı ildə “Novara”ya transfer olunan hücumçu, 2018-ci ildən Yunanıstan “Panatinaikos”unda forma geyinməyə başlayıb. Makeda İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb, amma əsas milliyə dəvət almayıb.
“Ankaragücü” heyətinə yeni futbolçu da cəlb edib. Super Liqa klubu Beviç Mussiti-Oko ilə güclənib. 28 yaşlı hücumçu Fransanın “Ayaçço” klubundan transfer olunub. O, Türkiyə klubu ilə 1.5 illik müqavilə bağlayıb. Konqolu forvard “Dünkerk”, “Keviyi Ruan”, “Havr”, “Le Man” kimi klubların da formasını geyinib. O, 2020-ci ilin yayından oynadığı “Ayaçço”da 66 oyuna 11 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçu Konqo yığmasında da 4 oyun keçirib.
“Ayaçço” Mussiti-Okonun əvəzində ABŞ-ın “Austin” klubunun seneqallı hücumçusu Mussa Citteni icarəyə götürüb. Seneqaldan olan 23 yaşlı forvardın bu mövsümün sonuna kimi Liqa 1-də forma geyinəcəyi açıqlanıb. 2021-ci ilin iyul ayından “Austin”də oynayan futbolçu bu komandada 33 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə edib. O, “Qrenobl” və “Sion” klublarının da uğurları üçün çalışıb.
Yeri gəlmişkən, Tolqa Ciğercini transfer edən “Herta” hücumçusu Dişon Redanı da İtaliyanın “Venetsiya” klubuna satıb. Niderlanddan olan 21 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin yayına qədər anlaşıb. “Herta”nın öz yetirməsi olan futbolçu bu komandada cəmi 8 matça çıxıb. O, “Qroningen”, “Zvolle”, “Utrext” klublarında icarədə də oynayıb, Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.