Toma Mönye: “Kilian Mbappe tarix yazmaq istəyir”

PSJ-nin sabiq üzvü, hazırda “Trabzonspor”da çıxış edən Toma Mönye parislilərin hücumçusu Kilian Mbappenin klubdan ayrılmasından danışıb.

Arena.az Mönyenin bu barədə fikirlərini təqdim edir:

“O, təkcə Fransada deyil, bütün dünyada tarix yazmaq istəyir. Mənim üçün bu, həm də böyük oyunçuların əlamətidir – hər yerdə çox yaxşı olmaq istəyi. Ola bilsin ki, Premyer Liqaya da keçsin. Məsələn, Kristiano Ronaldo da bunu etmişdi. Özünü bütün dünyaya göstərmək üçün hər yerdə qalib gəlmək gərəkdir”, deyə Toma Mönye vurğulayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq və artıq məlum olduğu kimi, fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 assist verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.