İngiltərənin “Sanderlend” klubu heyətini təcrübəli sağ cinah müdafiəçisi, 34 yaşlı belçikalı futbolçu Tomas Mönye ilə gücləndirib.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasında 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Bu yay Belçika millisinin heyətində DÇ-2026-da çıxış etmiş Mönye Fransanın “Lill” klubu ilə müqaviləsinin başa çatmasının ardından azad agent kimi “Sanderlend”ə qoşulub.
Belçikanın Sent-Od şəhərində anadan olmuş futbolçu peşəkar karyerasına ölkəsinin aşağı liqalarında başlayıb. Daha sonra “Brügge”də çıxış etmiş Mönye burada Belçika çempionluğu və ölkə kubokunu qazanıb.
2016-cı ildə Fransanın PSJ klubuna transfer olunmuş müdafiəçi Paris təmsilçisinin heyətində keçirdiyi dörd mövsümdə üç dəfə Fransa çempionu olub və ölkə kubokunu üç dəfə qazanıb. O, 2020-ci ildə Almaniyanın Dortmund “Borussiya”sına keçib, daha sonra “Trabzonspor” və son olaraq “Lill”in formasını geyinib.
Mönye isə yeni komandasına qoşulduğu üçün həyəcanlı olduğunu bildirib:
“Sanderlend”ə keçdiyim üçün çox həyəcanlı və qürurluyam. Karyeramda yeni səhifə açdığıma görə xoşbəxtəm. Premyer Liqa dünyanın ən güclü və maraqlı çempionatlarından biridir və burada oynamaq həmişə arzuladığım çağırış idi.
Klubun layihəsi, ambisiyası və inkişaf istəyi məni çox təsirləndirdi. Avrokuboklarda iştirak etmək də qərarıma ciddi təsir göstərdi. Futbolçu kimi hər zaman ən güclülərlə mübarizə aparmaq və titullar uğrunda oynamaq istəyirsən.
Ümid edirəm ki, həm meydanda, həm də meydandan kənarda komandaya öz təcrübəmlə fayda verəcəyəm. Karyeram ərzində möhtəşəm kollektivlərin üzvü olmuşam, indi isə bütün gücümü “Sanderlend” üçün sərf etməyi, komanda yoldaşlarıma kömək etməyi və azarkeşlərlə möhkəm bağ qurmağı səbirsizliklə gözləyirəm. İlk oyunumda onların qarşısına çıxmağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Tomas Mönye yeni komandasında 12 nömrəli formanı geyinəcək.


