Tomas Müller daha nə qədər futbol oynayacağını açıqladı

“Bayern”in 34 yaşlı alman veteran hücumçusu Tomas Müller futbol səhnəsində daha nə qədər top qovacağı haqda sualı cavablayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman futbolçunun bu barədə cavabını təqdim edir:

“Futbol – mənim məhəbbətim və həvəsimdir. Buna görə də bacardığım qədər oynamağa çalışacağam”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, Müller vətəni Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatından sonra Almaniya yığmasının heyətində çıxışını başa vurduğunu açıqlamışdı.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 41 oyun keçirib, 7 qol vurub, 12 məhsuldar ötürmə verib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 707 oyun, 242 qol, 268 məhsuldar ötürmə.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.