“Bayern”in hücumçusu Tomas Müller Almaniya Bundesliqasında hamıdan çox oyun keçirmiş oyunçu olmağınna münasibətini bildirib.
Arena.az veteran futbolçunun bu xüsusda fikrini təqdim edir:
“Bu, yaxşı hissdir və zəhmətimin mükafatıdır. Bunu gözləmirdim – karyerama başlayanda 15 illik karyeramın ən yüksək səviyyədə olacağını düşünmürdüm. Bu yolda hər addımımı planlaşdıra bilmirəm”, deyə Müller etiraf edib
Müller özünü gənc futbolçulara nümunə hesab edib-etmədiyi ilə bağlı sualı da cavablayıb:
“Bu nüfuzu, mənə verildiyi üçün deyil, bütün qaydalara, nə olursa olsun, həvəslə əməl etdiyim üçün qazanmışam. Komanda yoldaşlarıma təbii və mümkün ən müsbət surətdə təsir etmək istəyirəm, çünki bu, mənim və komandam üçün ən yaxşısıdır. Gənc oyunçuya yanaşdığınız zaman onun daha yaxşı çıxış etməsinə kömək etmək istədiyiniz aydın görünür ki, o, öz imkanını gerçəkləşdirə və ümumi uğura töhfə verə bilsin”.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 7 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 714 oyun, 245 qol, 270 məhsuldar ötürmə.
Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.