Tomas Palasios “İnter”də – 6,5 milyonluq transfer

Argentinanın “İndependyente Rivadavia” klubunun mərkəz müdafiəçisi Tomas Palasios bundan sonra “İnter”in formasını geyinəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Milan təmsilçisi bu transferi 6,5 milyon avroya rəsmiləşdirib. 21 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Tomas Palasios “Talyeres”in yetirməsidir. Gənc müdafiəçi bu ilin əvvəlindən formasını geyindiyi “İndependyente Rivadavia”da 16 oyun keçirib. Gənc futbolçu Argentinanın U-20 yığmasında da forma geyinib.

“İnter” iki futbolçusunu da icarəyə verib. 21 yaşlı italiyalı mərkəz müdafiəçisi Alessandro Fontanarosa “Recina”ya keçib. O, mövsümün sonunadək icarədə olacaq. Milan klubunun əsas komandasında debüt şansı qazanmamış futbolçu İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmaarında da oynayıb.

Franko Karboni isə “Venesiya”ya keçib. Sözügedən klub 21 yaşlı argentinalı sol cinah müdafiəçisini bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “İnter”in əsas komandasında debüt şansı qazanmamış futbolçu “Ternana”, “Kalyari”, “Montsa” kimi klublarda icarədə də olub.

“Venesiya” daha iki oyunçunu heyətinə qatıb. İtaliya klubu “Rakuv”dan vinger Con Yeboanı, “Leuven”dən isə Coel Şingtyeni transfer edib. Venesiyalılar Yeboanı 2,5 milyon avroya alıblarsa, Şingtyenin keçidi 3 milyon avroya başa gəlib. Hücumameyilli yarımmüdafiəçi olan 24 yaşlı Yeboa yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Mərkəz müdafiəçisi olan 22 yaşlı Şingtyenn isə 5 illik müqaviləyə qol çəkib.

“Venesiya” iki oyunçusunu da icarəyə verib. 24 yaşlı italiyalı yarımmüdafiəçi Nunzio Lella “Bari”yə keçib. 21 yaşlı italiyalı müdafiəçi Lorenso Lukkezi isə “Recina”ya üz tutub. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaqlar.

Nikolas Pyerini də “Venesiya”dan birdəfəlik ayrılaraq “Sassuolo”ya keçib. 26 yaşlı vinger yeni klubuna azad agent kimi qoşulub.

Xəbəri istədiklərinizlə paylaşın