Tomas Rays Super Liqa klubunda – Rəsmi

Almaniyalı futbol mütəxəssisi Tomas Rays Türkiyənin “Samsunspor” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 50 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Alman məşqçi ən azı 2025-ci ilin 30 iyununa qədər bu komandaya rəhbərlik edəcək. Rays Samsun klubunun sükanı arxasında həmyerlisi Markus Gisdolu əvəz edib. Hansı ki, o, öz istəyi ilə mövsümün sonunda postundan ayrılmışdı.

İmza mərasimində açıqlama verən Rays, yeni təyinatı barədə bunları dilə gətirib: “Samsun çox gözəl şəhərdir. Buraya gəldiyim üçün xoşbəxtəm. Stadionu, obyektləri və “Samsunspor” Futbol Akademiyasını ziyarət etdim, çox bəyəndim. Bu klub üçün əlimdən gələni edəcəyəm. Azarkeşlərimizin dəstəyi ilə komandamızı uğura aparacağımıza inanıram”.

Tomas Rays son olaraq 2022/2023 mövsümündə “Şalke”nin baş məşqçisi olub. O, 2023-cü ilin sentyabr ayından bəri işsiz idi. Alman mütəxəssis daha öncə “Boxum”da da baş məşqçi olub.

Xatırladaq ki, “Samsunspor” Türkiyə Super Liqasında geridə qalmış 2023/2024 mövsümünü 43 xalla 13-cü sırada başa vurub.