“Bayern”in baş məşqçisi Tomas Tuxel Münhen komandasının 2023/2024-cü illər mövsümündəki çıxışını dəyərləndirib.
Arena.az “Bayern”in rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əgər mövsümü bir cümlə ilə təhlil etsəniz, əlbəttə ki, “Bayern”lə qənimətsiz bir mövsümün qeyri-qənaətbəxş olduğunu deyə bilərsiniz. Açığı, biz Almaniya Kubokunda da çıxışımızdan çox məyus olduq və bunun üçün bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bundesliqada ikinciyik və hələ də bu yer üçün mübarizə aparırıq. Son 11 mövsümün 9-da qənimət qazanmaq üçün xallarımız kifayət edərdi. Mövsüm boyu zədələrlə bağlı da ciddi fəsadlar yaşadıq. “Bayer” bütün mövsüm ərzində uduzmaqdan imtina etdi. İndiki şəraitdə qazanılmış xallarla hər şey öz qaydasındadır.
Çempionlar Liqası mövsümü Madriddə 87-ci dəqiqəyə qədər mükəmməl keçdi. Mövsümə fərqli baxmağa dəyər. Biz öhdəliklərimizdən heç vaxt qaçmayacağıq. Ancaq bu 15 ayı başımız dik olaraq tərk etmək haqqımız var”, deyə Tuxel vurğulayıb.
Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, 2023-cü ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.
Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.
“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasına idi. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern”, Madriddəki cavab oyununda “qaymaqlılar”a 1:2 hesabı ilə məğlub olaraq, cari mövsümü qənimətsiz başa vurub.
Xatırladaq ki, “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər olan Tomas Tuxel cari mövsümün bitməsi ilə Münhen klubundan ayrılacağını açıqlayıb.
Hazırda “Bayern” yeni baş məşqçi axtarışında dalana dirənib. Eyni zamanda Tuxelin klubda saxlanılması seçimi də var, amma bu məsələdə tərəflərin yekdil rəy əldə etməsi üçün işıqucu hələ görünmür.