Tomas Tuxel “Bayern”dən ayrılması haqda: “Məni qane edir”

“Bayern”in baş məşqçisi Tomas Tuxel cari mövsümün sonunda Münhen klubundan gedəcəyi haqda daha əvvəl verdiyi qərarını şərh edib.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən həmişə çalışdığım komandaya hər şeyimi verirəm. Bu səviyyədə məşqçilik edə bildiyim üçün xoşbəxtəm. Başqa klublar haqqında xəbərlər oxumaq istəmirəm, son oyuna qədər bütün varlığımı “Bayern” üçün verəcəyəm.

Bu qərardan məmnunam. Əvvəl-axır, bu, sadəcə futboldur. Mən və mənim məşqçilər qərargahım – bizim ən sərt tənqidçilərimizik və bunu sona qədər başa çatdıracağıq. Bu, barəsində razılaşdığımızdır və mən bunun tərəfdarıyam”, deyə Tuxel vurğulayıb.

Xatırladaq ki, “Bayern” Bundesliqadakı son iki oyununda məğlub olub. Bundesliqanın 28-ci turundan sonra “Ştutqart” “Bayern”ə yetişib və indi komandalar 2-ci yeri bölüşürlər.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Rəhbərliyi müddətində Tuxel “Bayern”i 52 oyuna çıxarıb, 32 qələbə qazandırıb, 7 heç-heçə edib, 13 məğlubiyyət acısı dadıb. Tuxelin rəhbərliyi altında “Bayern” 124 qol vurub, 67 qol buraxıb.

Tomas Tuxelin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.