Tomas Tuxel: “Bayern”lə razılığa gələ bilmədik”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Münhen klubu ilə əməkdaşlığın davamı ilə bağlı danışıqların dalana dirəndiyini bəyan edib.

Arena.az xəbər verir ki, o, mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Alman mütəxəssisin bu barədə fikirlərini təqdim edirik: “Bu, “Bayern”in baş məşqçisi kimi son mətbuat konfransımdır. Danışıqlar oldu, amma razılığa gəlmədik. Ona görə də fevral qərarı qüvvədə qalır”, deyə Tuxel vurğulayıb.

Xatırladaq ki, “Bayern” Tuxelin mövsümün sonunda komandadan ayrılacağını hələ bu ilin fevral ayında açıqlamışdı.

Tomas Tuxel 2023-cü ilin mart ayından “Bayern”ə rəhbərlik edirdi. 50 yaşlı alman mütəxəssis Münhen təmsilçisini bütövlükdə 61 oyuna çıxarıb. Komanda bu görüşlərdə 37 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətlə üzləşib.

“Bayern” Almaniya Bundesliqasının artıq geridə qalmış 2023/2024 mövsümünü 72 xalla 3-cü pillədə başa vurub.Komanda 34 oyunda 23 qələbə qazanıb, 3 heç-heçə görüb, 8 məğlubiyyətə üzülüb.

Yeri gəlmişkən, “Bayern”in yeni baş məşqçisinin kim olacağı ilə də bağlı müxtəlif mülahizələr var. Son iddialara görə, Roberto De Zerbi və Rocer Şmidt bu komanda çalışdırmaqdan imtina ediblər. “Brayton”dan ayrılan italyan mütəxəssisin Münhenə yollanmaq fikrində olmadığı müəyyənləşib. Münhen klubunun rəhbərliyi “Benfika”nın çalışdırıcısı Rocer Şmidtə də bu komandanı çalışdırmağı təklif edib. Amma o, Münhenə köçməkdən imtina edib və Portuqaliyada işləməyə davam etməyi daha üstün tutub.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Münhen klubunun “Bayer”in baş məşqçisi Xabi Alonso, eləcə də Avstriya yığmasının çalışdırıcısı Ralf Ranqniklə də razılığa gələ bilmədiyi barədə məlumatlar yayılmışdı.

“Brentford”un baş məşqçisi, danimarkalı mütəxəssis Tomas Frank da “Bayern”in sükanı arxasında Tuxelin yerinə mümkün namizədlər sırasındadır. Almaniya klubunun rəhbərliyi İngiltərə Premyer Liqa komandalarını çalışdıran məşqçilər arasından komandanın baş məşqçisi vəzifəsinə namizədləri izləyir. Artıq geridə qalmış mövsümün sonunda “Brentford”u Premyer Liqada saxlamağı bacarmış Tomas Frank, “Bayern” diqqət mərkəzinə düşüb. “Arılar”ın çalışdırıcısı ilə danışıqlar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: