Tomas Tuxel “Çelsi”dən göndərildi

İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Buna “zadəganlar”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb “Dinamo”suna 0:1 hesablı məğlubiyyəti səbəb olub. Komanda İngiltərə Premyer Liqasında da yeni mövsümə çox uğurlu başlamayıb. Keçirdiyi 6 oyundan ikisində uduzub, birində heç-heçə edən London klubu, cəmi 3 qələbə qazanıb və 10 xalla 6-cı pillədə qərarlaşıb. Halbuki, paytaxt təmsilçisi bu yay transferlərə kifayət qədər ciddi vəsait xərcləyib.

Tomas Tuxel 2021-ci ilin yanvar ayından “Çelsi”yə rəhbərlik edirdi. O, həmin il “zadəganlar”a UEFA Çempionlar Liqasını qazandırıb. Almaniyadan olan 49 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 100 matça çıxarıb. Londonlular bu görüşlərdə 60 qələbə qazanıb, 24 heç-heçə ediblər, 16 matçda isə məğlubiyyət qeydə alınıb.

Tuxel daha öncə “Auqsburq”, “Maynts”, “Borussiya” (Dortmund) və PSJ-yə də rəhbərlik edib.