“Bayern”in məşqçisi Tomas Tuxel Almaniya nəhəngi üçün Bundesliqanın çempionluğu uğurunda mübarizənin sona çatdığını bildirib.
Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə Bundesliqanın 27-ci turunda evdə Dortmund “Borussiya”sına məğlubiyyətindən (0:2) sonra danışıb:
“Leverkuzen “Bayer”ini təbrik edirəm. Çempionluq uğrunda mübarizəmiz başa çatdı”, – Tomas Tuxel matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Bu məğlubiyyət “Bayern”in son 10 ildə Münhendə “Borussiya”ya ilk məğlubiyyətidir. Ümumiyyətlə, “Borussiya” 2019-cu ildən “Bayern” üzərində qələbəyə həsrət idi. Sonuncu dəfə “Borussiya” 2019-cu ildə Almaniya Super Kuboku uğrunda oyunda “Bayern”i məğlub etmişdi – 2:0. Münhendə isə “Borussiya” sonuncu dəfə 2014-cü ildə qləbə qazanmışdı – 3:0.
27 turdan sonra “Bayern” Bundesliqanın yarış cədvəlində 60 xalla 2-ci, “Borussiya” isə 53 xalla 4-cü pillədə qərarlaşıb. Bundesliqaya 73 xalla Xabi Alonsonun Leverkuzen “Bayer”i başçılıq edir. “Əczaçılar”a son 7 oyunda 3 qələbə çempionluq üçün kifayət edəcək.


