Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel “üç şir”in sükanı arxasında ilk qələbəsi şərh edib.
Arena.az məlumat verir ki, Tuxelin rəhbərliyi altında İngiltərə yığması dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində K qrupunun 1-ci turu çərçivəsində Londonun “Uembli” stadionunda Albaniya yığmasını 2:0 hesabı ilə məğlub edib.
“Biz daha artığına müvəffəq ola bilərik və biz bunu etməliyik. Bizim komandamız yaxşı başladı: 7-8 dəqiqə ərzində topa 100 faizlik nəzarət, çoxsaylı ötürmələr və diribaşlıqla.
Rəqibi sındırmaq çətin idi, belə ki, o alçaq sipərlə müdafiə olunurdu. İkinci hissədə mənə elə gəldi ki, biz çox astagəl idik və topun ardınca kifayət qədər qaçmırdıq”, – BBC Tuxeldən sitat gətirir.
1-ci turdan sonra 3 xal toplamış İngiltərə yığması K qrupuna başçılıq edir.
Tuxel bu ilin əvvəlindən sükanı arxasında fəliyyətə başladığı İngiltərə yığmasının düşərgəsində özünü necə hiss etdiyini açıqlayıb:
“Bu, doğru qərar idi. Günbəgün mən özümü burada daha yaxşı hiss edirəm”, deyə Tuxel vurğulayıb.
Yeri gəlmişkən, “Bayern”in 31 yaşlı ulduz hücumçusu Harri Keyn Münhen komandasının keçmiş baş məşqçisi, hazırda İngiltərə yığmasını çalışdıran alman mütəxəssis Tomas Tuxel haqda danışıb:
“Münhen “Bayern”inə keçidimdə Tuxel vacib səbəb olub. Mən onun nə qədər keyfiyyətli məşqçi olduğuna bələdəm”, deyə Keyn qeyd edib.
Tomas Tuxel cari ilin yanvar ayından İngiltərə yığmasının sükanı arxasında fəaliyyətdədir. Alman mütəxəssislə 1,5 il müddətinə – 2026-cı ilin dünya çempionatının sonuna qədər müddətə müqavilə imzalanıb. Tuxelin qarşısına mütləq tapşırıq – dünya çempionlğunu qazanmaq məsələsi qoyulub.


