Tomas Tuxel Premyer Liqa klublarının tənqid hədəfinə çevrildi

İngiltərə yığmasının baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel İngiltərə Premyer Liqa klubları tərəfindən tənqid hədəfinə çevrilib.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Premyer Liqa klubları Tuxeli İngiltərə yığması futbolçularının noyabrda UEFA Millətlər Liqasının oyunlarında iştirakdan kütləvi şəkildə imtinasına görə hədəfə alıblar.

Mənbənin məlumatına görə, rəsmi olaraq “üç şir”in bir çox aparıcı futbolçusunun öz klublarında yüngül xəsarət almasına rəğmən, Premyer Liqanın bir neçə klubunun insayderləri Tuxelin milli komandanın baş məşqçisi kimi işinə başlamasının ləngiməsini, milli komandanın aparıcı futbolçularının komanda ilə məşqə çıxmamasına gerçək səbəb olaraq görürlər. Bir çox oyunçunun “üç şir”in müvəqqəti çalışdırıcısı, irland mütəxəssis Li Karslinin rəhbərliyi altında oynamağa vaxt sərf etmək niyyətində olmadığı vurğulanır.

Xatırladaq ki, İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları çərçivəsində Yunanıstan (14 noyabr) və İrlandiya (17 noyabr) yığmaları ilə qarşılaşacaq.

Amma İngiltərə yığmasının 8 futbolçusu bu oyunlar üçün açıqlanmış heyətdən çıxarılıb. Bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb. Bunlar qapıçı Aaron Ramsdeyl (“Sauthempton”), müdafiəçilər Trent Aleksander-Arnold (“Liverpul”), Levi Kolvill (“Çelsi”), yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş (hər ikisi “Mançester Siti”), Koul Palmer (“Çelsi”), Deklan Rays və Bukayo Sakadır (hər ikisi “Arsenal”).

Onların əvəzinə qapıçı Ceyms Trafford (“Börnli”), müdafiəçilər Carred Brantueyt (“Everton”), Tino Livramento (“Nyukasl”), yarımmüdafiəçi Morqan Rocers (“Aston Villa”) və hücumçu Carrod Bouen (“Vest Hem”) yığmaya cəlb ediliblər.

Qeyd edək ki, bu ilin sonunda Li Karsli vəzifəsini təhvil verəcək. Tomas Tuxel də yeni ildən İngiltərə yığmasını çalışdıracaq. Alman mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: