“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın sonuncu turu ərəfəsində komandasının çempionluq şanslarını qiymətləndirib.
Arena.az “Bayern & Germany”-yə istinadən xəbər verir ki, alman mütəxəssis vəziyyətin aşkar olduğunu dilə gətirib:
“Vəziyyət son dərəcə məlumdur. Biz öz oyunumuzda qalib gəlməli, sonra işlərin necə getməsinə baxmalıyıq.
Biz qalib gəlməliyik və bizə kömək lazımdır. Hər şey baş verə bilər: qırmızı vərəqə, penalti, standart vəziyyət. Bu, həm bizim oyunda və həm də digər oyunda baş verə bilər. Biz kifayət qədər çox səhv edirdik və indi də həmin vəziyyətdəyik. Bu işdə biz yalnız özümüzü təqsirkar bilməliyik.
Nə baş verəcəyindən asılı olmayaraq, mövsümü qənaətbəxş adlandırmaq olmaz. Ancaq biz sona qədər oynamalıyıq. Biz “Bayern” üçün hər şeyimizi verəcəyik.
Mən yüz faiz cavabdehlik daşıyıram. Müqaviləyə imza atıb məşqlər keçən andan mən cavabdehəm və məsuliyyətdən də qaçmıram”.
Xatırladaq ki, “Bayer”nin çempionluq şansları öz əlində deyil. Hazırda Dortmund “Borussiya”sı 33 oyundan sonra 70 xalla vahid liderdir. 68 xal toplamış “Bayern” isə ikinci pillədə qərarlaşıb.
Bundesliqanın sonuna cəmi bir tur qalıb. Həlledici turun bütün oyunları bu gün keçiriləcək. “Bayern” səfərdə “Köln”lə üz-üzə gələcək. Dortmund “Borussiya”sı isə “Maynts”ı qəbul edəcək. Qarşılaşmaların hamısına Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.
Göründüyü kimi, çempionluğu bayram etmək üçün “Bayern”ə qələbə də kifayət etmir. Bunun üçün “Borussiya”nın büdrəməsi də şərtdir. Amma dortmundluların belə bir şansı əldən verməsi o qədər də inandırıcı görünmür.