“Tomas Tuxel tənqiddən nəticə çıxara bilir” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Kristof Froynd Münhen komandasının baş məşqçisi Tomas Tuxel haqda fikir söyləyib.

Arena.az “Bild” nəşrinə istinadən Froyndun bu barədə fikirlərini təqdim edir.

Froynd hesab edir ki, Münhen klubunun baş məşqçisi Tuxel son zamanlar onun ünvanına səslənən tənqidlərdən düzgün nəticə çıxarıb, eyni zamanda mütəxəssisin işinə tam əmin olduğunu bildirib.

“Məncə, Tomasın son bir neçə həftə ərzində tənqidlərlə üzləşməsindən sonra öz mövqeyini açıq şəkildə bildirməsi yaxşı və düzgündür. “Bayern” gərək olanda həmişə döyüşüb. İndi Tomas da eynisini etdi və biz onu yüz faiz dəstəkləyirik. Bundesliqada çox yaxşı mövsüm keçiririk: 38 qol vurmuşuq, cəmi 7 qol isə buraxmışıq. İndiyə qədər Çempionlar Liqasında hər oyunda qalib gəlmişik. Axı söhbət “Bayern”in son səkkiz ildə Bundesliqada ən yaxşı başlanğıcından gedir”, deyə Froynd bildirib.

Xatırladaq ki, daha əvvəl Tuxeli Almaniya yığmasının əfsanəsi, sabiq müdafiəçi Lotar Matteus tənqid etmişdi. Matteusun fikrincə, Tuxelin rəhbərliyi altında Münhen klubunun meydanda üstünlüyü yoxdur və onun kollektivinin çıxışı əvvəlki məşqçi Yulian Nagelsmanın kollektivindən fərqlənmir. “Borussiya” ilə Bundesliqa oyunu (4:0) ərəfəsində Matteusun səsləndirdiyi bu fikir, Tomasla Lotar arasında “söz atışması” ilə müşayiət edilmişdi.

Tuxel öz növbəsində Dotmund “Borussiya”sını darmadağın etdikdən sonra Matteusun cavabını vermişdi:

“Hər şey kortəbii və səmimi şəkildə baş verdi. Siz həmişə məndən dürüst bir fikir eşidəcəksiniz. Dortmund “Borussiya”sı ilə oyundan sonra komanda bizdən qarşılıq rəyi aldı. Onlar yaxşı bilirlər ki, yüksək səviyyəli oyun nümayiş etdiriblər.
İnkişaf olmamasına rəğmən, niyə bu gün qalib gəldik? Lotar Matteus bunu dəqiq bilir”.

Tuxelli “Bayern” rəqəmlərin gözü ilə

Tomas Tuxel “Bayern”i 2023-cü ilin martından çalışdırır. Alman mütəxəssis bu vəzifədə həmyerlisi Yulian Nagelsmanı əvəzləyib. O, münhenliləri geridə qalmış 2022/2023 mövsümündə Bundesliqanın qalibi edib. Tuxelin Almaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tuxel cari mövsümdə “Bayern”i 17 oyuna çıxarıb, 13 qələbə qazanıb, 2 oyundan sülhlə ayırılıb, 2 oyunda isə məğlub olub. Münhenlilər Tuxelin rəhbərliyi altında 54 qol vurublar, 18 qol buraxıblar.

Maraqlıdır ki, Tuxelin aldığı hər iki məğlubiyyət “Bayern”ə qənimət bahasında başa gəlib. Münhen təmsilçisi mövsümün açılışında, Almaniya Super Kuboku uğrunda oyunda “Leypsiq”ə gözlənilmədən 0:3 hesabı ilə məğlub olaraq, Super Kuboku əldən verib. Növbəti məğlubiyyət isə Almaniya Kuboku uğrunda “Saarbrüken”lə oyuna təsadüf edir. Münhenlilər hesabda öndə olduqları oyunu əsas vaxta əlavə edilmiş son təzminat dəqiqəsində qol buraxmaqla əldən veriblər və Almaniya Kuboku uğrunda mübarizəni dayandırıblar.

“Bayern” Bundesliqada 10 turdan 26 xalla, 28 xal toplamış lider Leverkuzen “Bayer”ini təqib edir. Çempionlar Liqasında isə Tuxelin yetirmələri qrupda itkisiz davam edərək, 12 xalla liderdirlər və pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: