“Bayern” baş məşqçi, alman mütəxəssis Tomas Tuxel guya onun adından futbolçularını aşağılamasına dair şayiələri təkzib edib.
Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, söhbət Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio”ya səfərdə gözlənilməz məğlubiyyətdən (0:1) sonra Tuxelin futbolçularını aşağılamasından gedir.
Mətbuatda belə bir məlumat yayılmışdı ki, guya Tuxel oyundan sonra paltardəyişmə otağına gəlib, futbolçularının səviyyəsini aşağılayıcı tərzdə tənqid edərək “Siz düşündüyüm qədər yaxşı deyilsiniz, o zaman mənə sadəcə sizin səviyyənizə uyğunlaşmaq gərəkdir”, deyə söz atıb.
Alman mütəxəssis əvvəlcə bu söz-söhbətə fikir verməsə də, sonradan qəti təkziblə bu şayiələrə münasibətini açıqlayıb:
“Mən heç vaxt oyunçulara kifayət qədər yaxşı olmadıqlarını deməmişəm, bu, doğru deyil. Heç bir məşqçi belə bir söz deməməlidir. Belə sözlərdən sonra məşqçini heç komanda avtobusuna buraxmaq olmaz. Eqomuzu bir kənara qoymalıyıq, hazırda hər bir oyunçuya ehtiyacımız var”, deyə Tomas Tuxel bildirib.
“Bayern” cavab oyunu çərçivəsində “Latsio”nu martın 5-də “Alyans Arena”da qonaq edəcək. Qalib Çempionlar Liqasının çərək finalına vəsiqə qazanacaq.
Daha əvvəl “Bayern”in prezidenti Herbert Hayner məhz “Bayern”in növbəti mərhələyə adlayacağını əminliklə bildirmişdi.


