“Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxelin Almaniya nəhənginin sükanı arxasında uğursuzluğu davam edir.
Arena.az məlumat verir ki, Almaniya Bundesliqasının 22-ci turu çərçivəsində “Boxum”a qarşı səfər oyunundakı məğlubiyyət (2:3) cari mövsümdə “Bayern”in bütün yarışlarda ardıcıl 3-cü yenilgisi olub.
Beləliklə, Tomas Tuxel “Bayern”in sükanı arxasında komandanın əvvəlki baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsmandan daha az oyun keçirməsinə rəğmən, daha çox oyunda məğlub olub.
Tuxel “Bayern”ə məhz Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. O, Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.
Rəhbərliyi müddətində Tomas Tuxel “Bayern”i 44 oyuna çıxarıb, 28 qələbə qazandırıb, 5 heç-heçə edib. Məğlubiyyətlərə gəlincə, Tuxel 11 məğlubiyyət acısı dadıb ki, bu da ümumi oyunların 25%-i deməkdir. Tuxelin rəhbərliyi altında “Bayern” 100 qol vurub, 54 qol buraxıb.
Yulian Nagelsmanın “Bayern”ə rəhbərliyi dövrü isə belə mənzərə yaradır: 84 oyun, 60 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət. Topların fərqi isə 255:84 nisbətindədir.
Göründüyü kimi, son günlərdə istefası gündəmdə olan Tuxel rəqəmlərin gözü ilə xoş qarşılanmır.
Tomas Tuxelin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Bayern” hazırda Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Bundesliqaya 58 xalla Xabi Alonsonun “əczaçılar”ı – Leverkuzen “Bayer”i başçılıq edir.
Münhen təmsilçisi Bundesliqadakı növbəti matçını fevralın 24-də doğma meydanda “Leypsiq”ə qarşı keçirəcək.


