“Bayern”in baş məşqçisi Tomas Tuxelin ÇL-in 1/8 finalında “Latsio” ilə oyundan (0:1) sonra paltardəyişmə otağındakı hoqqası mətbuata sızıb.
Arena.az “Sky Sport” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis gözlənilməz səfər məğlubiyyətindən sonra paltardəyişmə otağına gələrək hisslərini duyğusalcasına, amma aşağılayıcı tərzdə ifadə edib:
“Siz düşündüyüm qədər yaxşı deyilsiniz, o zaman mənə sadəcə sizin səviyyənizə uyğunlaşmaq gərəkdir”, deyə Tuxel bildirib.
Sızmış məlumat mətbuatın dilinə keçəndən sonra Tuxel futbolçularını aşağılamaqda təqsirləndirilir. Amma mütəxəssislər hadisəni şişirtməməyi və belə şeylərin paltardəyişmə otağında adi hal olduğunu bildirirlər. Belə ki, Tuxelin futbolçularının sadəcə olaraq zehniyyətinə təsir etməklə, onlarda qarşıdakı cavab oyununa məsuliyyət və mübarizə ruhu oyatmaq istəyində olduğu vurğulanır. Alman mütəxəssisin özü bu xəbər şərh verməyib, Tuxel sadəcə öz işi ilə məşğuldur.
“Bayern” cavab oyunu çərçivəsində “Latsio”nu martın 5-də “Alyans Arena”da qonaq edəcək. Qalib Çempionlar Liqasının çərək finalına vəsiqə qazanacaq.
Daha əvvəl “Bayern”in prezidenti Herbert Hayner məhz “Bayern”in növbəti mərhələyə adlayacağını əminliklə bildirmişdi.


