Tonali və Zaniolo qanunsuz mərc qoyuluşlarında ittiham edilirlər

İtaliya milli komandasının üzvləri – Sandro Tonali və Nikolo Zaniolo futbol oyunlarına qanunsuz mərc qoyuluşlarında ittiham edilirlər.

Arena.az xəbər verir ki, son vaxtlar qanunsuz mərc qoyuluşlarının futbolçular arasında geniş vüsət alması kimi xoşagəlməz hallar müşahidə edilir.

“Nyukasl”ın dayaq yarımmüdafiəçisi Sandro Tonali və bu mövsüm “Aston Villa”da icarə əsasında çıxış edən “Qalatasaray”ın hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo da futbol oyunlarına qanunsuz mərc qoyuluşlarında ittiham edilirlər.

Bu barədə italiyalı jurnalist Fabrisio Korona məlumat yayıb. O, hətta polis idarəsinə Tonali və Zaniolonun həqiqətən də qeyri-qanuni mərc qoyuluşları etdiyindən xəbərdar şəxs kimi çağırılıb. Zaniolonun İtaliya Kuboku çərçivəsində oyun zamanı ehtiyat oyunçular skamyasında olarkən birbaşa mərc qoyuluşu etdiyi vurğulanır. İtalyan jurnalist tezliklə bu işin təfərrüatını açıqlayacağını bildirib. Sübutları olan Koronanın hazırda bu məsələ ilə bağlı polislə əməkdaşlığa başladığı da bildirilir.

Bu arada digər italyan jurnalist Fabrisio Romano bildirib ki, hər iki futbolçu elə, İtaliya yığmasının düşərgəsindən təcili surətdə birbaşa polis idarəsində sorğulanmaq üçün çağırılıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facolinin qanunsuz mərc qoyuluşlarında şübhəli bilindiyi üçün istintaqa cəlb olunduğu barədə məlumat yayılmışdı.