Tonalini ayaqlarını sındıracaqları ilə hədələdilər

İtaliya Futbol Federasiyası (FIGC) italyan yarımmüdafiəçi Sandro Tonalini qanunsuz mərc qoyuluşlarına görə futboldan 10 aylıq kənarlaşdırıb.

Arena.az bu barədə “Football Italia” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Nyukasl”ın italyan yarımmüdafiəçisi “Milan”da çıxış etdiyi zaman “rossoneri”nin oyunlarına mərc edib. Tonali etiraf edib ki, hazırda 3 milyon avro borc içindədir. Kreditorlar isə hansısa məqamda futbolçunu hədələyiblər və onun ayaqlarını sındıracaqlarını vəd ediblər.

Belələiklə, cəza nəticəsində Tonali İngiltərə Premyer Liqasında mövsümün qalan hissəsində, eləcə də İtaliya yığmasının 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacağı halda, mötəbər yarışda iştirak imkanından məhrum olub.

Xatırladaq ki, daha əvvəl “Yuventus”un futbolçusu Nikolo Facoli qanunsuz mərc qoyuluşları üzrə işdə adı hallanmış ilk futbolçu olub. Məhkəmə Facolini təqsirini sübuta yetirərək, futbolçunun özünün bu işdə əlaqədar orqanlarla əməkdaşlığını nəzərə almaq şərtilə, Sandroya yüngül cəza – 7 aylıq müddətə futboldan kənarlaşdırma hökmünü oxuyub.

Tonali cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Futbolçunun özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 12 oyun keçirib, 1 qol vurub.

Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.