Toni Kroos futbolçu karyerasını bitirməsinin səbəblərini açıqladı

“Real”ın sabiq futbolçusu və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos futbolçu karyerasını bitirmək qərarından danışıb.

Arena.az “Kicker” dərgisinə istinadən, alman futbolçunun bu barədə müsahibəsini təqdim edir:

– Mən sadəcə karyerasının sonunda “Real”da ən yaxşı mövsümünü keçirmiş 34 yaşlı Toni Kroos kimi xatırlanmaq istəyirəm. Mən bunu bacardım. Çoxlarının karyeramı çox erkən bitirdiyimi düşünməsini lütfkarlıq kimi qəbul edirəm.

– Alman futbol tarixinə ən çox qənimət qazanmış oyunçu və bütün zamanların ən yaxşı oyunçularından biri kimi düşəcəksiniz. Bu, sizin üçün vacibdir?
– Əslində bu, mənim üçün çox önəmlidir. Həmişə qənimətlər qazanmaq istəmişəm. Futbol oynamağa başlayandan, uğur qazanmaq istəyirdim. Hər qənimət mənim üçün vacib idi, Çempionlar Liqasını qazanmaq hər mövsümdən əvvəl böyük ilham mənbəyi idi. Buna nail olmaq mənim üçün çox vacibdir.

– Bəs paxıl insanlar?
– Onların öz fikirləri var. Mən dəlillər ortaya qoydum.

Toni Kroosun zəngin karyerası rəqəmlərin gözü ilə

Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçiriləcək Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.

Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Rostok “Hanza”sının yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer”də çıxış edib.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 109 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.