Toni Kroos karyerasını bitirmək qərarının səbəbini açıqladı

“Real”ın alman mərkəz yarımmüdafiəçisi Toni Kroos 34 yaşında futbolçu karyerasını bitirmək qərarına nədən gəldiyini açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, alman futbolçunun bu barədə fikrirlərini təqdim edir:

“Ətrafımdakı insanların mənə hər şeyin bitdiyini söyləməli olduğunu hiss etmək istəmirdim. Ya da ki, daha iki-üç il skamyada oturmalıyam. Bütün bunlardan qaçmağı bacardığım üçün şadam”, deyə Kroos müvafiq qərarının səbəbini açıqlayıb.

Xatırladaq ki, iyunun 1-də Kroos “Real”ın heyətində Dortmund “Borussiya”sına qarşı Çempionlar Liqasının final oyununa çıxacaq və bu oyun, Kroosun “qaymaqlılar”ın heyətində son oyunu olacaq. Daha sonra Kross Avropa çempionatına yollanacaq və yarışın başa çatması ilə butslarını mıxdan asacaq.

Toni Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 46 oyuna 1 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 463 oyun, 28 qol, 98 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Rostok “Hanza”sının yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer”də çıxış edib.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.