Toni Kroos “Real”a oyunçu tövsiyə etdi

“Real”ın əfsanəsi, keçmiş alman yarımmüdafiəçi Toni Kroos “qaymaqlılar”ın heyətinə əla əlavə ola biləcək futbolçu tövsiyə edib.

Arena.az “Madrid Xtra” dərgisinin “Bild” nəşrinə istinadı əsasında, Kroosun müvafiq tövsiyəsini təqdim edir:

“Florian Virts “Real”da? O, istənilən komandaya, o cümlədən “Real”a uyğunlaşa bilər. Onun keyfiyyətləri ilə, mən hesab edirəm ki, bu, əla bir sövdə olardı”, deyə Toni Kroos vurğulayıb.

Hücumameyilli yarımmüdafiəçi Florian Virts 2020-ci ilin iyul ayından “Bayer”in əsas komandasında çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi 177 oyun, 53 qol, 58 məhsuldar ötürmədən ibarətdir.

Florian Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.