La Liqanın 25-ci turunda “Rayo Valyekano”ya qarşı səfər oyunu (1:1) “Real”ın mərkəz yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda alman futbolçu “Real”ın heyətində bütün yarışlar çərçivəsində 450-ci dəfə meydana çıxıb.
Toni Kroos “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Alman yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 33 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 450 oyun, 28 qol, 96 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 21 qəniməti var.
“Hanza Rostok”un yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer” klublarının formasını geyinib.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyuna 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.