Toni Popoviç Avstraliya yığmasının yeni baş məşqçisi təyin edildi

İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç Avstraliya milli komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, federasiya rəhbərliyi baş məşqçi postunu Toni Popoviçə həvalə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Popoviç 2026-cı ilin 31 iyuluna qədər bu komandaya rəhbərlik edəcək.

Toni Popoviç bu vəzifədə 2018-ci ildən sözügedən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub. O, bir neçə gün öncə baş məşqçi vəzifəsindən ayrılmışdı.

Xatırladaq ki, Avstraliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. Yunanıstan və Türkiyədə də çalışmış mütəxəssis 2021-2024-cü illərdə Avstraliyanın “Melburn” komandasının baş məşqçisi olub. Onun çalışdırdığı komandalar arasında “Vestern Sidney”, “Karabükspor”, “Pert Qlori”, “Ksanti” də var.