Futbol üzrə Liberiya milli komandasının üzvü, 31 yaşlı yarımmüdafiəçi Tonia Tisdell bundan sonra “İmişli”də forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sol cinah vingeri ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, yeni komandasına azad agent kimi cəlb olunub.
Tonia Tisdell uzun illər Türkiyə çempionatında mübarizə aparıb. O, qardaş ölkədə “Ankaraspor”, “Karşiyaka”, “Ankaragücü”, “Mersin İdman Yurdu”, “Şanlıurfaspor”, “Osmanlıspor”, “Dənizlispor” kimi klubların formasını geyinib. Son illərdə isə futbolçu Kiprin “Nea Salamis”, Misirin “Sportinq” və Liberiyanın “Mayti Barol” klubunun uğurları üçün çalışıb.
“İmişli”nin baş məşqçisi vaxtilə Azərbaycan yığmasına da rəhbərlik etmiş Əsgər Abdullayevdir. Sözügedən klub bu yay Ayxan Arazlı, Rəhim Cəfərli, Xəzər Mahmudov, Nihad Tamazov, Həzrət İsayev, Tolqar Yaqubov, İlyas Səfərzadə, Maqsud Ələkbərov, Həmzə Əliyev kimi oyunçularla da müqavilə bağlayıb.
Qeyd edək ki, “İmişli” Birinci Liqanın 1-ci turunda “Araz Saatlı” ilə qarşılaşacaq. Sentyabrın 14-də Saatlıda baş tutacaq bu oyuna saat 17:00-da start veriləcək.