“Fulhem”dən azad agent qismində ayrılan ingilis mərkəz müdafiəçisi Tosin Adarabioyo bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Çelsi”nin mətbuat xidmətinə istinadən məlumat verir:
“Çelsi” nəhəng klubdur və bu, mənim üçün tam bir dövrə məqamdır. Mən “Stemford Bric” yaxınlığında anadan olmuşam. Çox həyəcanlıyam və kluba, getmək istədiyimiz istiqamətdə hərəkət etməkdə kömək etməyi səbirsizliklə gözləyirəm”, deyə Adarabioyo London klubuna keçidini şərh edərkən bildirib.
Tosin Adarabioyo “Mançester Siti”nin yetirməsidir. Amma Tosin “şəhərlilər”in əsas komandasında çıxış etməyib. Bir müddət icarə əsasında “Vest Bromviç” və “Bləkbörn”də çıxış etmiş Adarabioyonu “Mançester Siti” 2020-ci ilin oktyabırnda 1,65 milyon avro məbləğ müqabilində “Fulhem”ə satıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Adarabioyo “bağçılar”ın heyətində bütün yarışlarda 25 oyuna 2 qolla fərqlənib. Adarabioyonun “Fulhem”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 132 oyun, 5 qol, 2 məhsuldar ötürmə.
Adarabioyo İngiltərənin U-16, U-17, U-18, U-19 komandalarında çıxış edib, əsas yığmaya isə hələ də dəvət almayıb.
Tosin Adarabioyonun qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Liqa Kuboku (2018) və “Fulhem”lə qazandığı Çempionşip (2021/2022) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.