Premyer Liqanın “Tottenhem” – “Liverpul” oyununda (2:1) VAR briqadasında yer almış hakimlər hakimlik fəaliyyətindən kənarlaşdırılıblar.
Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, futbol hakimləri Darren İnqland və Daniel Kuk hakimlikdən uzaqlaşdırılıblar.
Adı çəkilən hakimlərin İngiltərə Premyer Liqasının cari mövsümündə digər oyunlarının idarəçiliyinə cəlb olunmayacağı bildirilir. İnqland və Kukun “Nottingem Forest” – “Brentford” və “Fulham” – “Çelsi” oyunlarında birlikdə işləməsi təqvim üzrə nəzərdə tutulmuşdu.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunun “Tottenhem” – “Liverpul” oyununda “qırmızılar”ın hücumçusu Luis Diasın vurduğu təmiz qol, oyundankənar vəziyyət kimi qiymətləndirilərək, oyunun baş hakimi tərəfindən hesaba alınmayıb. VAR sistemi bu qolla bağlı məqamı təhlil edərək, vəziyyətin qaydalara uyğun olduğunu müəyyən etməyə kömək etməli idi. Amma müəyyən səbəblərdən VAR briqadası vəziyyətə müdaxilə edə bilməyib.
Nəticədə mövsümdə ilk məğlubiyyətini almış “Liverpul” 16 xalla turnir cədvəlində 4-cü, “Tottenhem” isə 17 xalla 2-ci pillədədir. Premyer Liqaya 18 xalla “Mançester Siti” liderlik edir.