Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Tottenhem” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, İngiltərədə baş tutacaq bu oyunu fransalı hakim idarə edəcək.
UEFA qarşılaşmanı FIFA referisi Villi Delajoya tapşırıb. Ona yan xətt hakimləri Ervan Finjan və Filip Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Millo, AVAR-da Alan Kicas əyləşəcək. Bu hakimlərin əksəri Fransanı təmsil etsə də, yalnız Alan Kicas Avstriyadandır.
Qeyd edək ki, Villi Delajo daha əvvəl iki dəfə Azərbaycan təmsilçisinin matçında iş başında olub. 32 yaşlı FIFA referisi 2023/2024 mövsümündə “Qarabağ”ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb. Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HJK-nı 2:1 hesabı ilə məğlub etdiyi 3-cü təsnifat mərhələsinin cavab görüşündə fitini səsləndirib. O, 16-cı dəqiqədə Helsinki komandasından Kevin Kuassivi-Benissanı birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.
2020-ci ildən beynəlxalq oyunlara təyinat alan Delajo Bakıya da gəlib. Referi 2021/2022 mövsümündə “Neftçi”nin İsrailin “Makkabi” (Hayfa) klubu ilə heç-heçə etdiyi (3:3) Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında meydanda ədaləti qoruyub. O, həmin vaxt 77-ci dəqiqədə “ağ-qaralar”ın futbolçusu İsmayıl Zülfüqarlını birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.
Xatırladaq ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.