“Tottenhem” “Seltik”in qalib baş məşqçisi ilə anlaşdı

İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi Qlazqo “Seltik”i ilə uğurlu mövsüm keçirmiş Angelos Postekoqlu olacaq.

Arena.az xəbər verir ki, bu barədə məsələni diqqətində saxlayan italiyan jurnalist-insayder Fabrisio Romano məlumat yayıb.

Onun yazdığına görə, klubla mütəxəssis arasında iyunun 5-də səhər saatlarında daha bir mövsüm uzadılması ehtimalını nəzərdə tutan 2 illik müqavilə barədə razılıq əldə olunub. Tərəflər arasında son şərtlər razılaşdırıldıqdan və “Seltik”lə təzminat sənədləri imzalandıqdan mütəxəssisin təyinatı barədə rəsmi bəyanat elan olunacaq.

Postekoqlu 2021-ci ilin yayından “Seltik”i çalışdırır. Şotlandiya nəhəngi avstraliyalı çalışdırıcının rəhbərliyi altında iki dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həm də Şotlandiya kubokunu qazanıb.

Xatırladaq ki, “Tottenhem”də baş məşqçi postu italiyalı Antonio Kontenin istefaya göndərilməsindən bəri boşdur. London təmsilçisi geridə qalan mövsümdə Premyer Liqada 60 xalla 8-ci yeri tutub və avrokuboklarsız qalıb.