“Tottenhem” Sonla müqavilə yenilədi

İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Hın Minlə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vingerlə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Son 2015-ci ilin avqustundan “Tottenhem” klubunda çıxış edir. Cənubi koreyalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 280 matçda 107 qol vurub.

Peşəkar karyerasına Almaniyanın “Hamburq” klubunda başlamış Son, 2013-2015-ci illər aralığında da “Bayer”in uğurları üçün çalışıb. O, Cənubi Koreya yığmasında keçirdiyi 91 matçda 27 qolla yadda qalıb.