Totti “Real”ın məzununu “Roma”da görmək istəyir

“Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti “Komo”nun yarımmüdafiəçisi Niko Pası “canavarlar”ın heyətində görmək istəyir.

Arena.az xəbər verir ki, İtaliya futbolunun canlı əfsanəsi “Komo”nun 20 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçisi barədə danışarkən bunları söyləyib:

“Mən gənc bir oyunçuya qoyuluş edərdim – Niko Pasa. Mənə o, xoş gəlir. Niko hücumda aqressiv və israrlıdır”, deyə Totti vurğulayıb.

Xatırladaq ki, Niko Pas futbola “Tenerife”də başlasa da, “Real”ın yetirməsi hesab olunur. O, Madrid klubunun əsas komandasında 8 oyuna çıxıb, 1 qola imza atıb.

“Komo” Niko Pası 2024-cü ilin avqust ayında 6 milyon avro müqabilində transfer edib. 19 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, cari mövsümdə İtaliya klubunun heyətində 29 oyuna çıxıb, 6 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

Niko Pas “Real”ın heyətində UEFA Çempionlar Liqasının (2023/2024), İspaniya La Liqasının (2023/2024) və İspaniya Super Kubokunun (2023/2024) qalibi olub.

Yarımmüdafiəçi Argentinanın U-20 və U-23 yığmalarında oynayıb. 2024-cü ilin oktyabr ayında əsas millidə də debüt etmiş Pas, Argentina yığmasında 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.