“Trabzonspor” – “Fənərbaxça” matçı ilə bağlı qərarlar açıqlandı

Türkiyə Futbol Federasiyası (TFF) “Trabzonspor” – “Fənərbaxça” matçından sonra baş verənlər olaylarla bağlı qərarlarını açıqlayıb.

Arena.az xəbər verir ki, qurumun İntizam Komitəsi Super Liqanın 30-cu turu çərçivəsində “Trabzonspor”un meydanında keçirilmiş bu oyunda yaşananlara görə gözlənildiyi qədər sərt cəzalar verməyib.

Belə ki, “Fənərbaxça”nın futbolçuları Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Daha əvvəl intizam işi açılmış İstanbul təmsilçisinin digər legioneri Osayi Samuelə isə ümumiyyətlə cəza verilməyib.

“Trabzonspor” isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. Qara dəniz təmsilçisinin məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.

Maraqlıdır ki, cəzalar açıqlanan kimi “Fənərbaxça” TFF-nin qərarlarına etiraz edib. Bu üzdən də TFF Ceyden Ostervolde və İrfan Can Eğribayatla bağlı bir oyunluq cəzanın dayandırıldığını bəyan edib. Bu isə sözügedən futbolçuların bu gün keçirilən “Adana Dəmirspor”la Super Liqa matçında iştirakına şərait yaradıb. İntizam Komitəsinin qərarı qüvvədə qalsa, bu iki oyunçu növbəti oyunlardan birində iştirak edə bilməyəcək. İstanbul təmsilçisinin ümumiyyətlə bu qərarların ləğvinə nail olması da istisna edilmir.

Xatırladaq ki, “Trabzonspor” – “Fənərbaxça” qarşılaşmasından sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum çəkiblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Fənərbaxça” hazırda 82 xalla ikinci pillədə qərarlaşıb və lider “Qalatasaray”ın (84 xal) əsas izləyicisidir. “Trabzonspor” isə 52 xalla 3-cüdür.

Bahar Rüstəmzadə