“Trabzonspor”da baş məşqçi postu ilə bağlı qərar verildi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor”da klubunda baş məşqçi postu ilə bağlı qərar verilib. Arena.az xəbər verir ki, Trabzon təmsilçisini bu mövsümün sonuna kimi Orhan Ak çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ötən gün klubun yeni prezidenti seçilən Ertuğrul Doğan bu gün idarə heyəti ilə baş məşqçi postu ilə bağlı müzakirələr aparıb. Müzakirələrdən sonra səs çoxluğu ilə Orhan Akın bu mövsümün sonuna kimi komandaya rəhbərlik etməsi qərara alınıb.

Xatırladaq ki, Orhan Ak bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərirdi. O, bir müddət öncə Abdullah Avcının istefasından sonra baş məşqçinin səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Trabzonlular onun rəhbərliyi altında hələlik cəmi bir matç keçiriblər və “Adana Dəmirspor”la doğma meydanda baş tutan qarşılaşmadan 4:1 hesablı qələbə ilə ayrılıblar.

Bu mövsüm Türkiyə Super Liqasında 25 oyun keçirmiş “Trabzonspor” bu oyunlarda 13 qələbə qazanıb, 5 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Ötən mövsüm Super Liqanın qalibi olmuş komanda hazırda 44 xalla 19 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Trabzon təmsilçisinə 2020-ci ilin noyabr ayından Abdullah Avcı rəhbərlik edirdi. O, ötən mövsüm bu komandanı Türkiyə çempionu etmişdi. Trabzon təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 117 oyundan 64 qələbə, 32 heç-heçə və 21 məğlubiyyətlə ayrılıb. Avcı daha öncə “Beşiktaş”, “Başakşəhər” klublarına və Türkiyə milli komandasına da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: