“Trabzonspor”un yeni baş məşqçisi Nenad Belitsa oldu

Xorvatiyalı mütəxəssis Nenad Belitsa Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub. O, bu postda Abdullah Avcını əvəzləyib. Əslində martın 7-də istefa vermiş Abdullah Avcını Trabzon təmsilçisində Orhan Ak əvəzləmişdi. O, bir oyunda müvəqqəti məşqçi olduqdan sonra mövsümün sonuna qədər baş məşqçi kimi təsdiqlənmişdi. Lakin növbəti iki oyunda uğursuz nəticələr qeydə alındığı üçün Orhan Ak da postundan ayrılmağa qərar vermişdi.

Bu mövsüm Türkiyə Super Liqasında 28 oyun keçirmiş “Trabzonspor” bu oyunlarda 13 qələbə qazanıb, 6 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb. Ötən mövsüm Super Liqanın qalibi olmuş komanda hazırda 45 xalla 19 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Nenad Belitsa isə son olaraq Xorvatiyanın “Osiyek” komandasına rəhbərlik edib. O, 2020-ci ildən çalışdırdığı bu klubdan 2022-ci ilin avqustunda ayrılıb və həmin vaxtdan işsiz idi. Xorvatiyalı mütəxəssis daha öncə “Kernten”, “Lustenau”, “Volfsberger”, “Austriya” (Vyana), “Spetsiya”, “Lex” (Poznan) və “Dinamo” (Zaqreb) kimi komandaları da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: