“Traktor” ispan baş məşqçi ilə anlaşdı

Cənubi Azərbaycanın “Traktor” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, Kurban Berdıyevin istefasından sonra başsız qalan Təbriz təmsilçisi ispan mütəxəssisə tapşırılıb.

“Traktorçular”ı bundan sonra Pako Xemes çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat verib. Yeni baş məşqçinin həftə sonu Təbrizə gələrək müqaviləyə imza atacağı diqqətə çatdırılıb. Lakin sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Pako Xemes son olaraq İspaniyanın “İbitsa” komandasını çalışdırıb. O, 2021-ci ilin dekabrından rəhbərlik etdiyi bu komandadan bu ilin may ayında ayrılıb. 52 yaşlı mütəxəssis karyerası ərzində “Rayo Valyekano”, “Las Palmas”, “Krus Asul”, “Qranada”, “Kordoba”, “Kartaxena” kimi klublarda da baş məşqçi işləyib.

Xatırladaq ki, Kurban Berdıyev bu ilin iyun ayından çalışdırdığı Cənubi Azərbaycan təmsilçisindən ötən ayrın sonlarında ayrılıb. Komanda onun rəhbərliyi altında cəmi 11 matça çıxıb. Təbrizlilər bu görüşlərdən dördündə qalib gəlib, üçündə heç-heçə edib, qalan dördündə də məğlub olublar.

“Traktor” bu mövsüm İran çempionatında 11 oyuna topladığı 15 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.