“Traktor” “İstiqlal” üzərində əzmkar qələbəyə sevindi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 25-ci tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” üç qolun qeydə alındığı bu oyundan əzmkar qələbə ilə ayrılıblar – 2:1. 12-ci dəqiqədə Şoca Xəlilzadənin avtoqolu ilə məğlub duruma düşmüş Təbirz klubu Əmirhüseyn Hüseynzadənin dublu (23-cü və 37-ci dəqiqələr) sayəsində meydanı qalib tərk edib.

“Traktor” hazırda 24 oyuna topladığı 54 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 24 oyunda 17 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını aprelin 11-də səfərdə “Xadormalu”ya qarşı keçirəcək.