Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 10-cu tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” meydandan inamlı qələbə ilə ayrılıblar – 2:0. Təbrizlilər 56-cı dəqiqədə hesabı açdıqları bu oyunun 87-ci dəqiqəsində də yekun nəticəni müəyyənləşdirən qolu vurublar. Qonaqları Arif Ağasi və Səccad Aşuri sevindiriblər.
“Traktor” hazırda 9 oyuna topladığı 19 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını dekabrın 3-də evdə “Çadormalu” komandasına qarşı keçirəcək. Buna qədər isə təbrizliləri noyabrın 6-da “Ravşan”la (Tacikistan), noyabrın 27-də isə “Əl-Vakra” (Qətər) ilə ev oyunları gözlyir.