“Traktor” “Persepolis”ə səfərdə uduzdu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 17-ci tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu matçdan məğlubiyyətlə ayrılıblar – 0:2. 55-ci və 57-ci dəqiqələrdə buraxılmış iki ardıcıl qol məğlubiyyəti qaçılmaz edib.

Bu mövsüm keçirdiyi 16 oyundan doqquzunda qalib gəlmiş komanda bir oyunda heç-heçə edib, altı görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan təbrizlilər hazırda 28 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.

“Traktor” növbəti matçını fevralın 28-də doğma meydanda “İstiqlal”a qarşı keçirəcək.