“Traktor” səfərdə xal itirsə də, zirvədə qaldı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 26-cı tur çərçivəsində “Xadormalu” ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” dörd qolun qeydə alındığı bu oyundan xal itkisi ilə ayrılıblar – 2:2. 21-ci dəqiqədə məğlub duruma düşən təbrizlilərin bərabərlik qolunu 44-cü dəqiqədə Əmirhüseyn Hüseynzadə vurub. 56-cı dəqiqədə rəqib futbolçunun avtoqolu ilə hesabda önə də keçmiş Təbriz təmsilçisi qələbəni 62-ci dəqiqədə penaltidən buraxdığı qolla əldən verib.

“Traktor” hazırda 25 oyuna topladığı 55 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 25 oyunda 17 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını aprelin 18-də evdə “Malavan”a qarşı keçirəcək.