Premyer Liqanın 24-cü tur “Börnli”yə qarşı oyunu “Liverpul”un ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Aleksander-Arnold “qırmızılar”ın 3:1 hesabı ilə qalib gəldikləri bu oyunda Premyer Liqa çərçivəsində keçirdiyi oyunlarda 58-ci məhsuldar ötürməsinə imza atıb.
Beləliklə Aleksander-Arnold Premyer Liqa tarixində ən çox çox məhsuldar ötürmə vermiş müdafiəçi olub. Həmçinin Trent komanda yoldaşı Endryu Robertsonun 57 məhsuldar ötürmə ilə fərqləndiyi nəticəni üstələyib.
Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Aleksander-Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent Aleksander-Arnold 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.