Tresor Mossi “Sumqayıt”dan ayrıldı – milliyə görə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi Burundi yığmasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Burundi yığmasını bu ay Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin matçları gözləyir. Mossinin komandası oktyabrın 10-da və 13-də Burkina Faso ilə qarşılaşacaq. İlk oyun sabah Burkina Fasoda, ikinci oyun isə 3 gün sonra Burundidə keçiriləcək.

Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 41 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub.

Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında cəmi 6 oyuna çıxıb.