Bu gün Fransa Liqa 1-nin 11-ci turu çərçivəsində keçirilmiş “Tuluza” – “Havr” oyununda stadionda yanğın həyəcanı yaşanıb.
Arena.az xəbər verir ki, hadisə oyunun 55-ci dəqiqəsində baş verib.
“Munisipal” stadionunda yanğın siqnalı, ehtimal ki, tüstü qumbarasının partladılmasından qaynaqlanıb. Oyun dərhal dayandırılıb. Tamaşaçılar tribunaları tərk etməyə başlayıblar, amma sonradan həyəcanın sovuşduğu elan edilib və müvəqqəti olaraq dayandırılmış oyun davam etdirilib. İlkin iddialara görə, tüstü qumbaraları stadionda kiçik yanğına səbəb olub və bu da həyəcan siqnalının çalınmasına səbəb olub. Əməli kimin törətdiyi hələ məlum deyil. Polis və stadionun mühafizə sistemi hadisəni araşdırır.
Oyun “Havr”ın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Birinci hissəyə əlavə edilmiş 3-cü təzminat dəqiqəsində Teys Dallinqa qonaqların qapısına təyin edilmiş penaltidən faydalana bilməyib. 51-ci dəqiqədə isə Dallinqa “Tuluza”nı hesabda önə çıxarıb. 78-ci dəqiqədə qonaqlar Məhəmməd Bayonun vurduğu qolla tarazlığı bərpa ediblər. Oyuna əlavə edilmiş 6-cı təzminat dəqiqəsində Bayo növbəti dəfə fərqlənərək “Havr”a əzmkar qələbə qazandırıb.
“Havr” 11 turdan sonra 14 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Tuluza” isə 14 xalla 11-ci yerdədir.