“Tuluza” serbiyalı oyunçu üçün 4 milyon avro ödədi

Fransanın “Tuluza” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçin “Malmö” klubundan Velko Birmançeviçi, Yunanıstan PAOK-undan isə Teoxaris Tsinqarası heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Tuluza” Birmançeviçin transferinə görə “Malmö”yə 4.1 milyon avro ödəyib. Serbiyadan olan 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Velko Birmançeviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi öz ölkəsində “Teleoptik”, “Rad”, “Çukariçki” kimi komandalarda da forma geyinib. O, 2021-ci ilin mart ayında 1 milyon avro qarşılığında “Malmö”yə keçmişdi. Yarımmüdafiəçi bu komandada 71 oyuna çıxıb, 27 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Birmançeviç Serbiya yığmasında da 3 oyun keçirib.

Teoxaris Tsinqaras isə PAOK-dan mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. 22 yaşlı yarımmüdafiəçi PAOK-un öz yetirməsidir. O, Saloniki təmsilçisində 55 oyuna 1 qol vurub. Tsinqaras Yunanıstanın gənclərdən ibarət yığmasında da oynayıb.