Tural Axundov yenidən “Kəpəz”ə qayıtdı

Ötən mövsümün sonunda “Şamaxı” ilə yollarını ayıran Tural Axundov özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” ilk transferini rəsmiləşdirib. Gəncə klubu sabiq müdafiəçisi Tural Axundovu heyətinə cəlb etdiyini açıqlayıb. Təcrübəli futbolçu ilə bir illik müqavilə imzalanıb.

Tural Axundov gəncəli futbolsevərlər üçün tanış simadır. Belə ki, o, 2015-2017-ci illər aralığında da “sarı-göylər”in şərəfini qoruyub. İki mövsüm komandanı kapitan kimi meydana çıxarıb. Azərbaycan yığmasında da oynamış futbolçu, karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Sumqayıt” və “Neftçi”də forma geyinib. Müdafiəçi 2020-ci ildən “Şamaxı”da çıxış edirdi.