Ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş müdafiəçi Turan Manafov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə müqavilə bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) nəzərdə tutulub.
Xatırladaq ki, Turan Manafov 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edirdi. Müdafiəçi geridə qalmış 2023/2024 mövsümündə Naxçıvan klubunun heyətində 36 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Manafov “Araz-Naxçıvan”dan öncə “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.
“Kəpəz” bu yay Turan Manafovdan öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”), Orxan Əliyev (“Araz-Naxçıvan”) və Rauf Hüseynlini (“Qəbələ”) də heyətinə qatmışdı. Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya) və Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya) kimi legionerlər də Gəncə klubuna cəlb olunublar.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov komandanı tərk ediblər. Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənov isə klubla yeni müqaviləyə imza atıblar.