“Səbail”in sol cinah müdafiəçisi Turan Manafov yeni mövsümdən karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Arena.az-ın əldə etdiyi məlumata görə, “Hatayspor” azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyindədir.
Türkiyə təmsilçisinin nümayəndələri futbolçunun agenti ilə əlaqə saxlayaraq bu transferin detalları barədə müzakirələr aparıblar. Tərəflərin razılığa gəlməsi istisna edilmir.
Xatırladaq ki, “Hatayspor” Türkiyədə fevral ayındakı dəhşətli zəlzələdən sonra Super Liqada iştirakını dayandırdığı üçün əksər futbolçularını itirmək məcburiyyətində qalıb. Komanda yeni mövsümdən elitadakı çıxışını davam etdirəcək. Bu üzdən də klub hazırda yeni mövsüm üçün heyət formalaşdırmağa çalışır. Hatay təmsilçisinin baş məşqçisi Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq qapıçısı Volkan Dəmirəldir.
Turan Manafov isə 2019-cu ilin yayından formasını geyindiyi “Səbail”i tərk etməyə qərar verib. O, 2022/2023 mövsümü bitən kimi klub rəhbərliyi ilə gələcək taleyini müzakirə edib. Futbolçu maaş məsələsində Bakı klubu ilə razılığa gələ bilmədiyi üçün özünə yeni iş yeri axtarmaq qərarına gəlib. Manafova aylıq 5 min manat məvacib təklif edilsə də, bu, müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan futbolçunu qane etməyib. “Səbail” rəhbərliyi onun istədiyi aylıq 8 min manat maaşa “yox” dedikləri üçün anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Manafov “Səbail”də indiyə qədər 79 oyun keçirib. 24 yaşlı müdafiəçi bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. Geridə qalan mövsümdə Premyer Liqada 17 oyun keçirmiş futbolçu kubokda da bir görüşə çıxıb.
Ötən il “Səbail”dən icarə əsasında Yunanıstanın “Olimpiakos” (Volos) klubuna keçən Turanın legioner həyatı uğursuz alındığı üçün o, “dənizçilər”in düşərgəsinə qayıtmaq məcburiyyətində qalmışdı. Manafov “Səbail”dən öncə “Sumqayıt” və “Zaqatala”da da oynayıb. Azərbaycanın U-21 yığmasında 8 oyun keçirmiş futbolçu əsas millidə debüt şansı qazanmayıb.