“Turan Tovuz” afrikalı müdafiəçi transfer etdi

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Tovuz klubu Burkina Fasodan olan müdafiəçi Ben Aziz Daonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Ben Aziz Dao ölkəsində “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib. O, Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub.

“Turan Tovuz” daha öncə İmeda Aşortiya, Piruzi Marakvelidze və Natan Oduva kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov və Sadiq Quliyev transfer olunub. Həmçinin Veysəl Rzayev, Şakir Seyidov və Nazim Həsənzadə “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.