“Turan Tovuz” rəsmiləri PSV və “Feyenoord”un düşərgəsində

“Turan Tovuz” Peşəkar Futbol Klubu beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə işlərini davam etdirir.

Arena.az xəbər verir ki, bu məqsədlə Tovuz klubunun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev Niderlandda səfərdədirlər.

Səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaqdır.

Səfərin ilk günündə klub nümayəndələri son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi haqda maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra bu klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar. PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqda geniş məlumat verib.

Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıblar. Nümüayəndələr buradakı infrastrukturla yaxından tanış olublar. Onlar məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə ediblər.

“Turan Tovuz” nümayəndələrinin Niderlanddakı işgüzar səfəri davam edir.

Xatırladaq ki, Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 34 oyuna 45 xal toplayıb. Komanda hazırda 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.